Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri azarkeşsiz keçiriləcək.
Sportnet.az-ın məlumatına, bu barədə TASS-a turnirin Təşkilat Komitəsinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, tamaşaçılar oyun zalına buraxılmayacaqlar. Onlar yalnız turnirin keçiriləcəyi otelə gəlib şərhçini dinləyə biləcəklər/ Orada şahmat muzeyinin sərgisi də təşkil olunacaq.
Təşkilat Komitəsi məhdudiyyətin koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi daşıdığını vurğulayıb.
Xatırladaq ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus təhlükəsinə görə İddiaçılar Turnirində iştirakdan imtina edib. 33 yaşlı qrossmeysteri Maksim Vaşye-Laqrav əvəzləyib.
Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Van Hao (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.