Azərbaycanın iki şahmat komandası oktyabrın 3-də Avstriyanın Mayrhofen şəhərində start götürəcək Avropa Şahmat Klub Kubokunda iştirak edəcək.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, 6 gün davam edəcək kişilərin yarışında ölkəni “Vüqar Həşimov” komandası təmsil edəcək. Heyətdə üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, beynəlxalq ustalar Əhməd Əhmədzadə, Ülvü Sadıqov, Xəzər Babazadə və Anar Allahverdiyev yer alıb. Anar Allahverdiyev həm də komandanın kapitanı olacaq.
26-cı dəfə təşkil edilən qadınların yarışında “Odlar Yurdu” komandası mübarizə aparacaq. Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovun kapitanı olduğu klubda şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə, qitə çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva, beynəlxalq usta Gülnar Məmmədova, qadınlar arasında beynəlxalq qrossmeysterlər Xanım Balacayeva, Gövhər Beydullayeva mübarizə aparacaq.
Turnir 7 turdan ibarət olacaq. İlk turun oyunları oktyabrın 3-də keçiriləcək.