Olimpiya oyunları tarixində medal qazanmış ən yaşlı idmançı isveçli Oskar Lebeddir.
Sportnet.az-ın məlumatına görə, o, 1920-ci ildə Niderlandın Antverpen şəhərində keçirilmiş yarışda güllə atıcılığı növündə gümüş medala sahib çıxıb. Həmin vaxt Lebed 72 yaş 281 günlüyündə olub.
1908-ci ildə 60 yaşı olarkən ilk medallarını (2 qızıl, 1 bürünc) qazanan idmançı 1912-ci ildə 64 yaş 258 günlüyündə daha bir qızıl və bürünc medala yiyələnib. O, qızıl medal əldə etmiş ən yaşlı idmançı kimi də tarixə düşüb. Lebed 1904-cü il Sent-Luis Olimpiya Oyunlarında kamandan oxatma növündə qızıl medala yiyələnmiş ABŞ təmsilçisi Qalen Spenserdən 8,5 ay böyük olub. O, 1924-cü ildəki olimpiadada da (76 yaş) iştirak etsə də, heç nə ilə yadda qalmayıb.
Qadınlar arasında olimpiadalar tarixində ən yaşlı medalçı isə ABŞ idmançısı Eliza Pollok olub. O, 1904-cü ildəki Oyunlarda kamandan oxatma üzrə komanda yarışında qızıl medal əldə edərkən 63 yaş 333 günlüyündə olub. Ən yaşlı qadın olimpiya çempionu da Pollokdur. O, əvvəlki Oyunlarda 2 bürünc medal qazanıb. Fərdi yarışlarda isə ən yaşlı qızıl medalçı britaniyalı Sibilla Kuinn Nyuelldir. O, 1908-ci il London olimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin vaxt oxatan 53 yaş 275 günlüyündə olub.
Olimpiadalar tarixində ən gənc mükafatçı yunanıstanlı gimnast Dmitris Lundrasdır. O, 1896-cı il Afina Yay Olimpiya Oyunlarında (10 yaş 218 gün) komanda yarışında 3-cü yeri tuttub. Əslində 1990-cı il Paris olimpiadasında Niderlandın avarçəkmə komandasının heyətində qızıl medal əldə etmiş fransalı idmançı Lundrasdan daha gənc olub. Sadəcə, yarışdan dərhal sonra itkin düşən uşağı nə qədər axtarsalar da, tapmaq mümkün olmayıb. Bu səbəbdən onun adı "Olimpiya ruhu" kitabına salınıb. Həmin uşağın medal qazanarkən 7-8 yaşında olduğu ehtimal edilir. Naməlum uşağın nəticəsi nəzərə alınmasa, ən gənc olimpiya çempionu almaniyalı Klaus Zerta hesab olunur. O, 1960-cı il Roma olimpiadasında akademik avarçəkmə yarışında qızıl medal qazanarkən 13 yaş 283 günlüyündə olub. Zerta bu götərici ilə 1932-ci il Los Anceles Yay Olimpiya Oyunlarında 1 500 metr məsafəyə qaçış yarışında birinci yeri tutan yaponiyalı atlet Kuşuo Kitamuranı (14 yaş 309 gün) qabaqlayıb.
Qadınlar arasında olimpiada tarixində ən gənc mükafatçı italiyalı gimnast Luicina Cavottidir. O, 1928-ci ildəki Oyunlarda 11 yaş 302 günlüyündə komanda yarışında gümüş medala yiyələnib. Cavotti həmçinin ən gənc qadın olimpiyaçı kimi tarixə düşüb - 11 yaş 302 gün.
Ən gənc qadın olimpiya çempionu isə ABŞ-dan olan Marcori Qestrinqdir. O, 1936-cı ildə keçirilən yarışda qızıl medal qazanarkən 13 yaş 268 günlüyündə olub.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi sabah olacaq.