
Yeni yaradılan "Turan" voleybol klubunun "Turan Tovuz" futbol klubu ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə Sportnet.az-a "Turan"ın meneceri Nərgiz İsmayılova məlumat verib.
Onun sözlərinə görə, yeni komanda da Tovuzu təmsil edir, amma tam fərqli rəhbərliyi var. İsmayılova klubun yaxın vaxtlarda təqdimatının olacağını əlavə edib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, klubun prezidenti iş adamı Həsən Zeynalovdur. Onun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, əslən Tovuzdan olan polis general-mayoru Ramiz Zeynalovla da heç bir qohumluğu yoxdur.
Bununla belə, "Turan" iddialı komanda formalaşdırıb. Tovuz təmsilçisi Azərbaycan millisinin voleybolçuları Ülkər Kərimova, Yuliya Kərimova və Ayşən Abduləzimova ilə müqavilə bağlayıb.