Velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatına yekun vurulub.Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ölkəmizin
ən güclü velosipedçilərini müəyyənləşdirən yarışın sonuncu gününün finişi
Daşkəsəndə baş tutub.
Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı
Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında Federasiyanın
nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə
aparıb. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası
"Synergy Baku"nun 4 üzvü, müvafiq olaraq Elit və U-23 milli
komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Tural
İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirakı ona olan marağı xeyli artırıb.Yeri gəlmişkən, "Synergy
Baku"nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini
izləyənlər arasında olub.
Yarışın proqramına əsasən, sonuncu
gün Elit, U-23 və gənclər arasında 120 km məsafəyə qrup ötüşməsi üzrə ən güclülər
müəyyənləşib. Yürüşə Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsi önündən start
verən velosipedçilər Göy-Göl rayonundan keçməklə Daşkəsənə doğru
istiqamətləniblər.
Startdan dərhal sonra əsas
mübarizənin pelotondan xeyli aralanan "Synergy Baku" komandasının
üzvləri Elçin Əsədov, Tural İsgəndərov və Samir Cəbrayılov arasında gedəcəyi
müəyyənləşib. Finiş xəttinə Əsədov1-ci
çatıb - 3 saat 27 dəqiqə 35 saniyə. Tural
İsgəndərov çempiona 30 saniyə uduzmaqla gümüş medala yiyələnib. İlk üçlüyü
Samir Cəbrayılov tamamlayıb - 3 saat 30 dəqiqə 33 saniyə.
Gənclər arasında isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq, Gənclər İdman Məktəbinin təmsilçiləri Kənan Qəhrəmanlı, Nicat Qarayev və Elmar
İlyasov ilk 3 pilləni bölüşüblər.
Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq.