"Qarabağ"ın futbolçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Çelsi"yə 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Komandaya ikinci hissədə nə oldu: Yorğunluq var idi, yoxsa sistem pozuldu? Rəqib birinci hissəyə nisbətən rahat hücumlar qururdu...
- Yox. Sadəcə olaraq "Çelsi” kimi komandaya qarşı çıxış etmək asan deyil. Ola bilsin, ikinci hissədə yorğunluq öz sözünü dedi.
- Birinci hissədə penalti təyin olunduqdan sonra Qurban Qurbanov hamını yanına çağırdı. Biz isə elə bildik ki, komandanı meydandan çıxartmaq istəyir. Baş məşqçi sizə həmin vaxt nə dedi?
- Hamını diqqətli olmağa çağırdı. Komanda 10 nəfərlə qalmışdı. Bizə əlavə motivasiya vermək istəyirdi.
- Penalti epizodunun təkrarına baxmısınız?
- Bəziləri deyir penalti var, bəziləri deyir yoxdur. Mən özüm şəxsən hələ baxmamışam.
- "Çelsi”nin paltardəyişmə otağına yaxınlaşdın. Bu, nə ilə bağlı idi? Forma dəyişdirirdin, yoxsa...?
- Ehtiyat qapıçımız Anton Kanibolotskiyə görə yaxınlaşdım. Bizim Anton da orda idi. Xeyr, forma dəyişdirmirdim.