Elşən MƏMMƏDOV
"Qarabağ" və "Ayaks" arasındakı Çempionlar Liqası matçının 60-cı dəqiqədən sonrakı bölümünü yenidən izlədim. Həmin vaxt artıq qollardan yarısı vurulmuşdu, Azərbaycan komandası 2:1 hesabı ilə öndə idi.
Leandro Andrade - Nəriman Axundzadə əvəzləməsi yenicə edilmişdi. Adradenin narazı halda qapı arxası tərəfdən meydançanı tərk etməsini göstərirdilər. Halbuki həmin vaxt komandası hesabda irəlidə olduğu üçün və vaxt udmaqdan ötrü mərkəzi hissədən də çıxa bilərdi.
Daha 10 dəqiqə keçdi və növbəti əvəzləmə gəldi. Bu dəfə meydançanı Kamilo Duran tərk etdi və yerinə Aleksey Kaşuk girdi. Duran isə etirazını biləyindəki sarğını açıb meydançaya tullamaqla nümayiş etdirdi.
Beləliklə, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki 10 qolundan yarısının müəllifləri və ən məhsuldar iki hücumçusu oyundan alındı. Axundzadə isə əvvəlcə sağda Andradenin, daha sonra isə mərkəz hücumçusu kimi Duranın mövqeyində çıxış etdi.
Hər iki mövqedəki çıxışı tam bir fiasko! Top itkisi, mövqe səhvləri, top ala bilməməsi, hücuma açılmaması kimi oyunçu keyfiyyətsizliklərini həmin bu yarım saatlıq bölümdə gördük.
"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin Fransa ilə oyunundan sonra belə bir açıqlama vermişdi: "Hoca Azərbaycan futbolunu düşünərək yerlilərə şans verir". Tam doğru təsbitdir! Qurban Qurbanovun Nəriman Axundzadə israrının başqa adı yoxdur.
Sonradan da oyunçu dəyişiklikləri oldu. 87-ci dəqiqədə Pedro Bikalyonu Coni Montyel, Elvin Cəfərquliyevi Toral Bayramov, Mateus Silvanı Dani Bolt əvəzlədi.
Son 3 dəyişikliyədək "Ayaks" artıq nəinki hesabı bərabərləşdirmişdi, hətta üçüncü qolu vuraraq, önə də keçmişdi. Axırıncı əvəzetmələrdən sonra isə "Qarabağ" daha bir top buraxdı.
Meydançaya çıxanlardan təkcə Nəriman effektsiz olmadı. Kaşuk da bir işə yaramadı. Cəfərquliyevi dəyişmək zərurət idi, elə üçüncü qol da onun sol cinahdakı mövqeyini boş saxlaması nəticəsində vuruldu. Elvin artıq yorulmuşdu, irəli-geriyə qaçmaqdan çatdıra bilmirdi.
Bayramov və Bolt meydançada çox qısa müddətdə olduqları üçün çıxışları barədə hər hansı fikir yürütmək olmur. Amma Montiel həqiqətən də uğurlu əvəzetmə idi. İspaniyalı yarımmüdafiəçi mərkəzdə çox çalışqan idi, driblinqləri, ötürmələri effektli idi. Yəni, artıq istənilən formaya düşdüyünü demək olar.
Bu halda sual yaranır: Niyə sol cinahda taktiki dəyişikliklər edilmədi? Məgər Emmanuel Addai 90 dəqiqə effektiv oynaya biləcək qabiliyyətdədir?
"Ayaks"la oyunda təkcə əvəzetmələrdə yox, taktiki yanlışlıqlara da yol verildi.
Son 2 görüşdə kapitan Abdullah Zubir mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Halbuki onun sol cinahın ustası olduğunu hamımız bilirik. Sadəcə, Kadi Borges zədələndikdən sonra mərkəzə keçib. Sol cinah isə Addaiyə etibar olunub. Amma qanalı hücumçunun Zubir kimi cinah keçidləri yoxdur. Lakin artıq ikinci oyundur ki, 90 dəqiqəni əvəz olunmadan keçirir.
Olmazdımı ki, Zubir heç olmasa, son yarım saat ərzində solda oynasın, mərkəzdəki mövqe isə Montyelə verilsin?
"Qalib heyəti dəyişməzlər" deyiblər. Bəs məğlub heyəti? "Qarabağ"ın "Napoli" ilə oyunda uduzan heyətində niyə dəyişiklik edilmədi?
Qalibləri mühakimə etmirlər. Bəs məğlubları?










































































