İdarəetmənin itirilməsi istənilən sistemdə böhranın əsas əlamətidir. Bu halda vəziyyəti düzəltməkdənsə xaosa keçid müəyyən qüvvələrə əvvəlcə vaxt qazandırır. Sonra da digər əlavə üstünlüklər verir. Baxın, hazırda “Kəpəz”də durum budur!
Klubun İdarə Heyəti yenilənir, rəhbərlik dəyişir. Amma son bir ildə komandaya heç nə verə bilməyən insanlar əvəzlənməyi qəbul etmirlər. Oturduqları yerdən bərk yapışıblar, yeni gələnlərə mane olmağa çalışırlar. Halbuki ötən mövsüm klubun əl dəyişməsi olduqca asan, tam səssiz həyata keçirildi. Qayınatasını, xalası oğlunu, dostunu İdarə Heyətinə gətirən Adil Vəliyevin ailə idarəetməsi qurmasına əngəl yaradılmadı. İndi nə baş verir?
“Kəpəz”də “önəmli” fiqura çevrilmiş Fərman Əlizadə klubu buraxmaq istəmir. Əlizadə AFFA-nın təklif və tövsiyyəsi ilə kluba gəlmək istəyən adamlara badalaq vurmağa, süni formada təzyiq yaratmağa çalışır. Adil Vəliyev çoxdan ona dəvə yükü olan “Kəpəz”i quruma qaytarıb. Amma necə deyərlər, it əl çəkir, motal əl çəkmir! Fərman bəy hər vəclə yenilərin qarşısını almağa səy göstərir, bürokratik vasitələrlə maneələr yaradır.
Fərman Əlizadə və onun klubdakı “əsabə”ləri idarəetmədən kənarlaşdırılıblar. İstər “otbiçən”ə, istərsə də icraçı direktor Ruslan Məmmədova yeni rəhbərliyin adamları tərəfindən nəzarətçilər təyin olunub. Klubda “əl dəyişikliyi”nin tez bir zamanda baş verəcəyini gözləməyən və buna hazır olmayan Əlizadənin komandası isə bilərəkdən vəziyyəti xaosa sürükləyirlər.
Son günlər onların təbliğat maşınının naşı “sürücüləri” verilən təlimat əsasında İdarə Heyətinə sədr təyin olunan Anar Abdullayevi, onun iş birliyi qurmaq istədiyi adamları yerli publikada söydürməyə cəhd edir. Əsas günahkarlar qala-qala istiqaməti fərqli səmtə yönəldirlər. Əslində bu prosesləri “yuxarıdakılar” yaxşı görür, sadəcə, bu vəziyyətin hara qədər inkişaf edəcəyini bilmək istəyir.
Əlizadə və ətrafı azarkeşlərə göstərmək və demək istəyir ki, “bizsiz “Kəpəz” daha pis günə düşə bilər, bunlar iş bacaran deyillər”. Hələ fəaliyyətə başlamamış yeniləri hədəfə gətirmək də bu xaotik planın əsas parçasıdır. Klubu vəzifə mübarizəsinə, kresloya qurban vermək köhnələrə yaraşandır. İtirən, uduzan isə “Kəpəz”dir.
Xəzər SÜLEYMANOV





















































































