Gürcüstan nümunəsi: Açıqlıq və məsuliyyət
Yanvarın 16-da Gürcüstan Futbol Federasiyası (GFF) uşaq–yeniyetmə futbolunda açıq şəkildə çatışmazlıqları göstərdi və akademiyaların fəaliyyəti ilə bağlı konkret təkliflər və hədəflər ortaya qoydu. Fiziki hazırlıq, keçid mərhələləri, oyunçu yönümlü metodika və kadr bölgüsü üzrə problemlər açıq şəkildə vurğulandı.
Akademiyalarla görüşdə GFF-ni iki vitse-prezident – Aleksandr İaşvili və Zaza Zamtaradze, texniki direktor Qoça Tamazaşvili, yeniyetmə komandaların məşqçi heyətinin nümayəndələri və federasiyanın yarışlar şöbəsinin üzvləri təmsil edirdi. Hər kəs bilirdi ki, qərarlar kim tərəfindən verilir və məsuliyyət açıqdır.
Görüşdə konkret çatışmazlıqlar açıqlandı:
- Fiziki hazırlıq proqramlarının yetərsiz və beynəlxalq standartlara uyğun olmaması;
- Kiçik yaş qrupları ilə əsas komanda arasında keçid mərhələlərinin metodoloji ardıcıllığının zəif olması;
- Məşq proseslərinin oyunçu yönümlü inkişaf metodikasına uyğun olmaması;
- Akademiya strukturlarında rol bölgüsünün və kadr potensialından səmərəli istifadənin zəif olması;
- Uşaq futbolundan əsas komandaya keçid prosesinin sistemsiz və ölçülə bilməz olması;
- 2025-ci ildə yaş qrupları üzrə göstərilmiş nəticələrin qaneedici olmaması;
GFF bu problemləri açıq şəkildə etiraf etdi, konkret hədəflər qoydu və məsuliyyət daşıyan şəxsləri ictimaiyyətə təqdim etdi.
AFFA-nın “islahatları” kağız üzərində
Fevralın 3-də AFFA eyni mövzuda, paytaxtda fəaliyyət göstərən "Sabah", "Neftçi" və "Qarabağ" futbol akademiyalarına baxış keçirdiyini açıqladı. Rəsmi açıqlamaya görə, plan aşağıdakı istiqamətləri əhatə edir:
- Mövcud məşq proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılması və oyunçu yönümlü inkişaf metodikasına keçid;
- Kiçik yaş qruplarından əsas komandaya qədər olan keçid mərhələlərinin metodoloji ardıcıllığının təmin edilməsi;
- Akademiyadan peşəkar futbolçu mərhələsinə keçid prosesinin sistemli və ölçülə bilən meyarlar əsasında qurulması;
- Akademiyalarda rol bölgüsünün dəqiqləşdirilməsi və kadr potensialından daha effektiv istifadə üçün yeni struktur yanaşmalarının tətbiqi.
Nümayəndələr görünmədi: Sual yaranır
Lakin sərt reallıq fərqi göründü: AFFA nümayəndələrindən vitse-prezidentlər – Sərxan Hacıyev, Elşad Nəsirov, Balakişi Qasımov və Könül Mehtiyeva, eləcə də baş katib Cahangir Fərəcullayevin üç müavini ortalıqda görünmədi.
Bəs akademiyalarla görüşə gedənlər kimlər idi? Onları tanıyan oldumu? Xeyr. Akademiya rəsmiləri daha çox tanınmırdı, yoxsa onlarla görüşə gedənlər? Vitse-prezidentlər və Fərəcullayevin müavinləri bir tərəfə, bəs harda idi Azərbaycan futbolunda izi-sözü olan veteranlar?
"Qəbələ" məsələsi: Görünən hissəyə fokus, tarix fərqi və məkan seçimində yanlışlıq
AFFA yalnız Bakı akademiyalarına diqqət yetirir, amma “Qəbələ” Futbol Akademiyasının bağlanmasını görməzdən gəlir. Bu isə AFFA-nın davranışını “odu söndürmək, közü ilə oynamaq” kimi göstərir – yalnız görünən hissəyə fokuslanılır, real məsuliyyət isə gizlədilir.
Tarix fərqi də diqqət çəkir: Gürcüstan yanvarın 16-da prosesi açıqlayıb, AFFA isə fevralın 3-də gecikmiş şəkildə reaksiya verib. Halbuki, bu görüş GFF-dən də tez – 2025-ci ilin iyulunda “Qəbələ” Futbol Akademiyası fəaliyyətini dayandırmadan əvvəl təşkil olunmalı idi. Üstəlik, tədbirin Bakıda yox, elə Qəbələnin özündə keçirilməsinə ehtiyac var idi ki, bağlanma təhlükəsi ilə üz-üzə qalan akademiya yerində qiymətləndirilsin.
Formal addımlar və plagiatlıq
Tarixi fərqlər və məzmun oxşarlıqları AFFA-nın regional prosesləri formal, kopyalanmış addımlar vasitəsilə izlədiyini göstərir. Gürcüstanda məsul şəxslər üzdədir və tanınır; problemlər etiraf olunur, nəticələrdən narazılıq bildirilir. AFFA isə məsul şəxsləri gizlədir, problemləri açıqlamır, nəticələri hələlik kağız üzərində özü üçün saxlayır.
Sual yaranır: Kağız üzərində saxlanılan planlar (beynəlxalq standartlar, oyunçu yönümlü metodika, keçid mərhələləri, kadr bölgüsü) real vəziyyətdə necə tətbiq olunacaq? Akademiyalardakı ciddi çatışmazlıqlar həqiqətən həll olunacaq, yoxsa yenə yalnız vitrini düzəltmək məqsədilə formal addımlar göstəriləcək?
Qarşıdan AFFA-nın Hesabat Konfransı gəlir. Uşaq futbolu və akademiyalardakı problemləri bu hesabatda necə təqdim edəcəklər? Formal addımlar və plagiat “islahatlar” ictimaiyyətə real nəticə kimi göstəriləcəkmi, yoxsa yalnız görünən vitrini bəzəmək üçün?
Hanı sizin strategiyanız, ekosisteminiz?













































































