Azərbaycanın mərhum siyasətçisi və jurnalisti, Milli Məclisin I çağırış (1995 – 1998) və II çağırış (2000 – 2005) deputatı, sabiq mətbuat və informasiya naziri (1997 – 2000) Sirus Təbrizlinin öz ad və soyadını daşıyan nəvəsi peşəkar futbolçudur. Müqavilə üzrə "Qarabağ"a məxsus 20 yaşlı yarımmüdafiəçi hazırda "Araz-Naxçıvan-2"də icarə əsasında çıxış edir.
Mərhumun qızı Sevinc Təbrizlinin övladı olan Sirus Təbrizli Sportnet.az-a eksklüziv müsahibəsində karyerası barədə danışıb və babası ilə əlaqədar xatirəsini bölüşüb:
- Əvvəlcə özünüz haqqında məlumat verərdiniz...
- Karyerama 11 yaşımda İngiltərədə başlamışam. Oxuduğum Baksvud Futbol Akademiyası ("Buckswood" FA) "Çelsi" klubu ilə əlaqəli idi. Orada 6 ilədək oynasam da, Böyük Britaniya vətəndaşlığı almaq mümkün olmadı. Nəticədə klubla müqavilə bağlaya bilmədiyimdən, 18 yaşımda İspaniyaya yollandım. Orada Malaqa şəhərinin 5-ci divizionda çıxış edən komandasında 6-7 ay oynadım və daha sonra Bakıya qayıtdım. Əvvəlcə "Qarabağ"ın əvəzedici komandasına qoşuldum, daha sonra "Araz-Naxçıvan-2"yə icarəyə verildim.
- "Qarabağ-2"dən "Araz-Naxçıvan-2"yə göndərilməyinizə səbəb nə oldu?
- "Qarabağ-2"nin baş məşqçisi Maksim Medvedev az şans verirdi. Ona görə də daha çox oynaya biləcəyim komandaya keçməyi qərara aldım. Nəticədə "Araz-Naxçıvan-2"yə keçdim.
- Yeni komandanızdakı durumunuz necədir?
- Hələlik hər şey yaxşıdır. Debüt matçım fevralın 23-də səfərdə "Şamaxı-2"yə qarşı oldu. 46-cı dəqiqədə meydançaya daxil oldum. Martın 2-də isə "Sumqayıt-2" ilə üz-üzə gələcəyik. Burada oynamağa daha çox şans verilir.
- İngiltərəda valideynlərinizlə birlikdə qalırdınız?
- Xeyr, tək yaşayırdım. Akademiyanın kampusunda qalırdım. Ailəmiz Bakıda idi. Londona valideynlərimin rəsmi razılığı ilə yollanmışdım.
- Yenidən xaricə yollanmaq istərdiniz?
- İngiltərəyə yox, İspaniyaya qayıtmaq istərdim. Çünki İspaniyada hər şey qaydasında gedirdi. Sadəcə, sənədləşmə məsələlərinə görə, Azərbaycana qayıtmalı oldum.
- Yenə vətəndaşlıq problemi ortaya çıxdı?
- Xeyr, İspaniyadan Bakıya qayıdışım vətəndaşlıq problemi ilə əlaqədar olmadı. Böyük Britaniya Avropa Birliyi üzvlüyündən çıxdığı üçün artıq ayrıca vətəndaşlıq tələb edir. Orada 10 il yaşamaq lazımdır ki, vətəndaşlıq alasan. İspaniyada isə peşəkar futbolçu kimi müqavilə bağlamağımdan ötrü bir il gözləməyimi istədilər. Lakin hərbi xidmət məsələmə görə qayıdası oldum. Ardından Bakıda universitetə qəbul oldum və hazırda həm də ali təhsil alıram.
- Nəyə görə futbolu seçdiniz?
- Futbol oynamaq uşaqlıqdan arzum olub. Elə o vaxtdan da bu yolu seçmişəm və axıradək də gedəcəyəm.
- Yarımmüdafiəçi mövqeyini seçməyinizə səbəb nə oldu?
- Uşaqlıqdan mənə çox adam deyirdi ki, yaxşı zərbələrin, sürətin var. Həm də qol vurmağı çox istəyirəm. Ona görə də mənə uyğun olan hücumameylli yarımmüdafiəçi mövqeyini seçdim. Əvəzedicilər Liqasındakı debüt oyunumda nə qol vurmaq, nə də məhsuldar ötürmə vermək mənə qismət olmadı. Çünki ikinci hissədə daxil oldum və oyun daha templi gedirdi. Solaxay olduğumdan həm sol, həm də sağ vinger kimi çıxış edə bilirəm.
- "Qarabağ" Çempionlar Liqasında İngiltərənin 3 klubuna - "Çelsi", "Liverpul" və "Nyukasl"a qarşı oynadı. Komandanın Çempionlar Liqasındakı çıxışı barədə nə deyə bilərsiniz?
- "Qarabağ" güclü komandadır. Lakin böyük klublarla oyunlarda çətinlik çəkirdi. Bu da rəqiblərin yüksək səviyyəli çempionatlarda güclü komandalara qarşı çıxış etmələri, daha böyük oyun praktikalarına malik olmaları ilə əlaqədar idi. Bizdə isə həm meydançalar, həm də komandalar çox da yaxşı səviyyədə olmadığından, "Qarabağ" fiziki tempi daimi saxlaya bilmir. Ona görə də "Qarabağ" "İmişli" ilə oyundan sonra "Nyukasl"la qarşılaşdıqda çətinliklə üzləşdi. Amma ümumilikdə "Qarabağ" bu mövsüm böyük iş gördü. Çempionlar Liqasında pley-off mərhələsinə çıxmağı hər komanda bacarmır. Məncə, bu, artıqlaması ilə, çox böyük nailiyyətdir.
- Babanız Sirus Təbrizlini necə xatırlayırsınız?
- Babam rəhmətə gedəndə uşaq idim. Mən 7 yaşımda ikən o, dünyasını dəyişdi. Babamla çox da ünsiyyətim olmayıb. Onu dürüst insan kimi tanıyırdım. Bizi həmişə gəzməyə aparardı. Bizə yaxşı baba olub.





















































































