17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev təlim-məşq toplanışına çağırdığı 24 futbolçunun 4-nü heyətdən çıxarıb.
Sportnet.az-ın məlumatına görə, bunlardan biri Almaniyanın "Berliner AK" klubunun mərkəz müdafiəçisi Zeyd Nəsirulladır.
Buna səbəb onun klubunun düşərgəsində ikən topuğundan zədə almasıdır. Nəsirulla MRT müayinəsindən keçirildikdən sonra bağlarında gərilmə aşkarlanıb.
Martın 31-də 17 yaşı tamamlanacaq Nəsirulla əvvəllər U-16-da 2, U-17-də 3 oyuna çıxıb.
İmtina olunan digər futbolçulardan 2-si - qapıçı Nurəziz Əzizov və hücumçu Rüstəm Hüseynli "Neftçi"nin, mərkəz yarımmüdafiəçisi Allahverdi Şirinov "Qəbələ"nin üzvüdür.
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda martın 24-də Bolqarıstan, martın 27-də Litva və martın 30-da Malta yığmaları ilə üz-üzə gələcək.

















































































