Milli Gimnastika Arenasında keçirilmiş idman gimnastikası üzrə Dünya Kuboku 30-dan çox ölkənin idman gimnastlarını bir araya toplayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, dörd gün davam etmiş yarışda Azərbaycan kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.
Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olunub. Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazanıblar.
Finallarda isə azərbaycanlı gimnastlar ilk "üçlük"də yer ala bilməyiblər. Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.
Əvəzində tamaşaçılar yarışlarla yanaşı, müxtəlif maraqlı interaktiv əyləncələrdə də iştirak ediblər. Maskotlar Tilli və Cilli də onlarla birlikdə əylənərək idmançıları ruhlandırıb.




































































































