Emin Mahmudov “Neftçi”də 70-ci qolunu vurub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubiley topu Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib.
“Ağ-qaralar”ın kapitanı “İmişli”yə 6:0 hesabı ilə qalib gəldikləri ev matçında fərqlənib.
34 yaşlı futbolçu 2017-ci ildən çıxış etdiyi “Neftçi” forması ilə 281-ci oyununda 70-ci qolunu vurub. Mahmudov Premyer Liqada 54 (229 oyunda), ölkə kubokunda 7 (27 oyunda), avrokuboklarda 9 (25 oyunda) dəfə rəqib qapılarına yol tapıb.
O, “Neftçi”nin 89 illik tarixində 70 və ya daha çox qol vuran 10-cu futbolçudur. Mahmudov eyni sayda qol vuran Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür.
Qeyd edək ki, “Neftçi” tarixinin bombardiri Samir Ələkbərovun hesabında 142 qol var. Emin Mahmudov daha əvvəl Azərbaycan millisində ən çox qol vuran futbolçular siyahısında Qurban Qurbanovu geridə qoyub. İndi Mahmudovun 15, Qurbanovun 14 qolu var.














































































