2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında keçiriləcək liqalarda istifadə olunacaq toplar müəyyənləşib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Trionda” toplarından yararlanacaqlar.
“Trionda” 2026-cı il dünya çempionatı üçün hazırlanmış müasir futbol topudur. Bu toplar xüsusi teksturalı səthə malikdirlər və bu, topun uçuş sabitliyini, fırlanmasını və nəm şəraitdə tutuşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
PFL ilə “Adidas” şirkəti arasında mövcud olan müqaviləyə əsasən, yüksək keyfiyyətə malik “Trionda” topları güzəştli şərtlərlə əldə ediləcək.
I Liqa oyunları 2025/2026 mövsümündə olduğu kimi, “Fussballiebe” toplarından istifadə olunmaqla keçiriləcək. II Liqa komandalarının ixtiyarında ənənəvi olaraq “Adidas Tiro Pro” topları olacaq.













































































