Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilib.
Sportnet.az xəbər verir ki, iki gün davam edən mötəbər yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edib.
Batut gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər), sinxron (qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda qüvvələrini sınayıblar. Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə final çıxışları baş tutub.
Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil ediblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü, sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü final mərhələsinə vəsiqə qazanıb.
Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də uğurlu çıxışları ilə finala yüksəliblər.
Final mərhələsinin nəticələrinə əsasən, Azərbaycan Dünya kubokunu ümumilikdə 6 medalla başa vurub. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova gümüş medal qazanıb. Qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl medalın sahibi olub.
Qadınların sinxron proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova cütlüyü bürünc medal əldə edib. Kişilərin sinxron proqramında isə Hüseyn Abbasov – Maqsud Mahsudov cütlüyü bürünc medala layiq görülüb.
Tamblinq yarışlarında kürsünün ilk iki pilləsində Azərbaycan gimnastları yer alıb. Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb.
Həmçinin təsnifat mərhələsində ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Tamblinq üzrə gimnast Mixail Malkin kişilər arasında AGF Trophy kubokunun qalibi olub.
Qeyd edək ki, yarış günləri ərzində arenaya toplaşan gimnastika həvəskarları idmançılarla görüşmək və xatirə şəkilləri çəkdirmək imkanı da əldə ediblər.












































































