Ülviyyə Fətəliyevadan növbəti qələbə
Özbəkistanın Buxara şəhərində qadın şahmatçılar arasında “IV Women's Chess Championship” adlı nüfuzlu beynəlxalq turnir keçirilib.
Sportnet.az-ın məlumatına görə, 8 ölkədən 10 şahmatçının qatıldığı ənənəvi yarışda Azərbaycanı şəxsi Avropa çempionatının qalibi, Azərbaycan çempionu Ülviyyə Fətəliyeva təmsil edib.
Eyni zamanda, turnirdə Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər şahmatçılar mübarizə aparıb.
9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva “IV Women's Chess Championship” yarışının qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.
Xatırladaq ki, Özbəkistandakı qələbə Ülviyyə Fətəliyevanın 2026-cı ildə ikinci uğurudur. Ötən ay xanım şahmatçı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.













































































