BƏƏ-nin “Şabab Əl-Əhli” klubunun futbolçusu Sərdar Azmun DÇ-2026 öncəsi keçiriləcək iki yoldaşlıq oyunu üçün İran milli komandasının heyətinə daxil edilməyib.
Sportnet.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, səbəb 31 yaşlı hücumçunun hökumətə kifayət qədər sadiq olmaması ilə bağlı şübhələrdir.
Baş məşqçi Əmir Qalenoi Türkiyənin Antalya şəhərində keçiriləcək Nigeriya və Kosta-Rika ilə yoldaşlıq oyunları üçün 35 nəfərlik geniş siyahını açıqlayıb. Azmunun kənarda qalması onun sosial şəbəkədə Dubayın hökmdarı Məhəmməd bin Rəşid Əl Məktum ilə görüşdən paylaşdığı foto ilə bağlıdır. Bu paylaşım İran və BƏƏ arasında münasibətlərin gərginləşməsi fonunda ölkə hakimiyyətində mənfi reaksiya doğurub. Gərginlik ABŞ və İsrailin hücumlarından sonra yaranıb və nəticədə İranın ali lideri Əli Xamenei həlak olub.
İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan "Fars News" agentliyinin məlumatına görə, Azmun milli komandadan kənarlaşdırılıb. Bununla belə, İran Futbol Federasiyası hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı fonunda İran millisinin turnirdə iştirakı sual altındadır.
Qeyd edək ki, Sərdar Azmun milli komandada keçirdiyi 91 oyunda 57 qol vurub.



















































































