Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun Sportnet.az-a müsahibəsi
- “FIFA Series - 2026” turniri haqqında nə düşünürsünüz?
Düşünürəm ki, bu turnir bizim üçün faydalı olacaq. Komanda olaraq yaxşı hazırlaşmışıq, əhval-ruhiyyəmiz də yüksəkdir. Baxmayaraq ki, oyunlar yoldaşlıq xarakterlidir, biz hər matça qələbə qazanmaq üçün çıxacağıq. Uzun müddətdir qalib gələ bilmirik və bu qara zolaqdan çıxmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.
- İlk rəqibiniz Sent Lüsiya komandasıdır. Bu yığma haqqında fikirləriniz necədir?
-Rəqibin adı bizi aldatmamalıdır. Onların bəzi oyunlarını izləmişik və yenidən analiz edəcəyik. Düşünmürəm ki, komandamızda kimsə rəqibə yuxarıdan aşağı baxsın. Bu turnirdə iştirak edən komandalar arasında, məsələn, adına görə Oman daha güclü görünürdü. Amma futbol sürprizlərlə doludur. Bəlkə də onlar finala çıxa bilməyəcəkdilər. Bizim üçün əsas məqsəd qələbə qazanmaqdır.
- Millətlər Liqasındakı şanslarınızı necə dəyərləndirirsiniz?
-Məncə, komanda hazırkı mövqeyində olmamalıdır. Yığmanın kifayət qədər yaxşı potensialı var. İnanıram ki, pis günlər geridə qalacaq və biz yenidən C Liqasına vəsiqə qazanacağıq.
- "Qarabağ" bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış etdi. Lakin klub ilə milli komanda arasında nəticələr baxımından böyük fərq var. Bunun səbəbi nədir?
-Klub və milli komanda tamamilə fərqli mühitlərdir, onları müqayisə etmək düzgün olmazdı. İstəklər və yanaşmalar fərqlidir. Biz milli komandada da yaxşı nəticələr qazanmaq istəyirik və mənfi fikirləri üzərimizdən atmağa çalışırıq.
- “Qarabağ”ın uğurlarında legionerlərin rolu haqqında fikirləriniz necədir?
-Düşünmürəm ki, uğurlar yalnız legionerlərlə bağlıdır. Bu mövsüm legioner limiti də aradan qaldırılıb. Amma əvvəlki illərdə də 8-9 yerli futbolçu ilə Avropa Liqasında uğurlu çıxış etmişik.
- Bu mövsüm Premyer Liqada çempionunun dəyişəcəyi ehtimalını legioner limiti ilə əlaqələndirmək olarmı?
- Klub haqqında bir az danışdım. Amma indi dayanıram və bu barədə açıqlama vermək istəmirəm.



















































































