Elşən MƏMMƏDOV
"Napoli"nin "Qarabağ"la oyunda niyyəti öncədən bəlli idi: Qalib gələrək, qələbəni əfsanəvi futbolçusu Dieqo Armando Maradonanın ölümünün 5-ci ildönümünə həsr etmək.
Bəs Azərbaycan klubu nə edə bilərdi? Noyabrın 25-i həm də Kəlbəcərin işğaldan azad olunduğu gün - Kəlbəcər şəhəri günü idi.
Oyundan bir gün öncə isə komandanın futbolçusu Marko Yankoviç ikinci dəfə ata olmuşdu.
Yəni, qələbəni həsr etməyə səbəblər çox idi.
Lakin oyun göstərdi ki, "Qarabağ"ın heyətinin genişliyinə baxmayaraq, Qurban Qurbanovun Çempionlar Liqası kimi daha böyük turnir üçün rotasiya imkanı çox azdır, hətta yox səviyyəsindədir.
Ayrı-ayrı mövqelər üzrə təhlil edək. Başlayaq elə kapitan Abdullah Zubirdən. Qarşılaşmanın gedişatından aydın oldu ki, onun əsl yeri elə sol cinah vingeri mövqeyidir.
Lakin Kadi Borgesin zədə ilə əlaqədar yoxluğu üzündən Zubir mərkəzdə, Emmanuel Addai isə əvvəldən axıradək sol cinahda oynadıldı. Halbuki Addai əvvəlki əksər qarşılaşmalarda ən yaxşı halda ikinci hissədə meydançaya daxil olurdu.
Xəstəlik dövrünü yenicə başa vuran Elvin Cəfərquliyev də əvvəlki kimi effektiv olmayınca, "Qarabağ"ın daim seçilən sol cinah hücumlarının kəsəri xeyli azaldı.
Yarımmüdafiənin mərkəzindəki Marko Yankoviç də effektiv deyildi. Meydanda ötən tur "Çelsi"yə qarşı döyüşən və penaltidən qol vuran Əks halda, ən yaxşı halda ikinci hissədə meydançaya daxil olan Yankoviçdən əsər-əlamət qalmamışdı. Təsadüfi deyil ki, o, avtoqoldan başqa heç nə ilə yadda qalmadı. Görünür, digər milli üzvləri kimi o da Monteneqro yığmasının düşərgəsindən yorğun qayıtmışdı.
Stopper mövqeyində Kevin Medinanın başından aldığı zərbə üzündən əvəzlənməsindən sonra müdafiənin mərkəzi də çökdü.
Ümumiyyətlə, hiss olunurdu ki, "Napoli"nin baş məşqçisi Antonio Konte "Qarabağ"ı ciddi analiz edib, komandası matça ciddi hazırlaşıb. Baxmayaraq ki, heyətdə ciddi itkilər var idi, ehtiyatda 2 qapıçı ilə birlikdə cəmi 8 oyunçu qalmışdı.
Bununla belə, "Qarabağ"ın Çempionlar Liqasındakı ən məhsuldar oyunçusu Leandro Andradeni elə bağladılar ki, heç ayaq açmasına imkan vermədilər. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin bir üstün tərəfi də meydanın rəqibə aid hissəsində, hətta müdafiə xəttinə pressinq etməkdən ibarət idi. Amma bu oyunda yalnız birinci hissədə istənilən səviyyədə olmasa da, az-çox etmək mümkün oldu. İkinci hissədə isə Konte taktiki dəyişikliklərlə oyunu tamamilə ələ aldı və artıq "Qarabağ" "ikinci nömrə" oynamağa başladı.
Bu halda isə "Napoli"nin qol vurması qaçılmaz idi. Yaxşı ki, bir çox hallarda, o cümlədən, rəqibin penalti vuruşunda qapıçı Mateuş Koxalski möhtəşəm qurtarışlar etdi.
"Qarabağ"ın yerli futbolçularından isə danışmağa dəyməz. Nə start heyətindəkilər, nə də sonradan meydana girənlər müsbət bir şeylə yadda qalmadılar. Əksinə, Bəhlul Mustafazadə ilk qolda rəqib üçün böyük "pay sahibi" oldu.
Qarşılaşma "Napoli"nin də "Atletik" kimi, hətta ən zəif, itkilərinin olduğu vaxtda belə, "Qarabağ"dan güclü olduğunu göstərdi. Bu isə klublar yox, Azərbaycan futbolunun səviyyə fərqindən irəli gələn problem idi...