İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti" ilə "Arsenal" üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmada “şəhərlilər” 2:0 hesablı qələbə qazanaraq kuboka sahib çıxıblar.
Görüşün taleyini 21 yaşlı futbolçu Niko O'Rayli həll edib. O, 60-cı dəqiqədə hesabı açıb, 64-cü dəqiqədə isə dubla imza ataraq komandasının qələbəsini təmin edib.
Cari mövsümdə bu komandalar İngiltərə çempionatının V turunda da qarşılaşıb və həmin oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticə ilə “Mançester Siti” klub tarixində 9-cu dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Komanda daha əvvəl 1970, 1976, 2014, 2016, 2018, 2019, 2020 və 2021-ci illərdə də bu uğura imza atmışdı.
Xatırladaq ki, ötən mövsüm turnirin qalibi "Nyukasl" olub. “Sağsağanlar” finalda "Liverpul" üzərində 2:1 hesablı qələbə qazanıb. Turnirin ən çox qalibi isə 10 kubokla “Liverpul”dur.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə bu qələbə ilə tarixə düşüb. O, İngiltərə Liqa Kubokunu 5 dəfə qazanan ilk baş məşqçi olub. İspaniyalı mütəxəssis daha əvvəl bu titulu 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində qazanıb.
Beləliklə, Qvardiola bu göstəricidə Brayan Klaf, Aleks Ferqyuson və Joze Mourinyo kimi mütəxəssisləri geridə qoyub.















































































