Fransa millisinin sabiq futbolçusu Dimitri Payet peşəkar futbolçu karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi açıqlama yayıb.
Payet peşəkar karyerasına 2004-cü ildə "Ekselsior Sent-Josef" klubunda başlayıb. O, çıxışı ərzində bir sıra tanınmış komandalarda forma geyinib. Təcrübəli yarımmüdafiəçi Fransada "Nant", "Sent-Etyen", "Lill" və "Marsel", İngiltərədə "Vest Hem" və son olaraq, 2023 - 2025-ci illərdə Braziliyada "Vasku da Qama"nın şərəfini qoruyub.
Karyerası ərzində Payet ümumilikdə 744 oyuna çıxıb, 150 qol vurub və 196 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransa millisinin tərkibində 38 oyun keçirən futbolçu 8 qola imza atıb. O, həmçinin 2016-cı il Avropa çempionatında gümüş medal qazanıb.















































































