"Neftçi"nin futbolçusu Araz Abdullayev yenidən cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, buna gənc yarımmüdafiəçinin klubun nizam-intizam qaydalarını pozması səbəb olub.
Abdullayev bu gün flaqmanın "Xəzər Lənkəran"la oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb. Onunla bağlı qəti qərar oyundan sonra klubdaxili iclasda veriləcək.
Klub prezidentinin müşaviri Elnur Əşrəfoğlu Sportnet.az-a açıqlamasında bildirib ki, Abdullayev vacib oyun öncəsi təşkil olunan hazırlıq prosesinə 2 saatadək gecikib. Bundan sonra baş məşqçi Arif Əsədov futbolçuya deyib ki, onu qarşıdakı matçın "18-liy"inə daxil etməyəcək. Yarımmüdafiəçi barədə qərar isə "Xəzər Lənkəran"la sabahkı qarşılaşmanın ardından veriləcək: "Araz ilk dəfə deyil ki, nizam-intizam qaydalarını pozur. Bilirsiniz, azərbaycanlı futbolçular müəyyən səviyyəyə çatdıqdan sonra öz üzərlərində işləmirlər. Nəticədə onların oyunlarında eniş başlanır. Məsələdən klub prezidenti Sadıq Sadıqovun da xəbəri var. Yekun qərar isə klubdaxili iclasda veriləcək. Düzdür, Abdullayevin "Neftçi" ilə müqaviləsi var. Amma onun barədə ən sərt qərarın qəbul ediləcəyi də istisna deyil".
Qeyd edək ki, Araz Abdullayev 2013-cü il martın 28-də avtomobili ilə hərəkətdə olarkən, yolda təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri ölüb, digəri yaralanıb. Bundan bir il sonra Abdullayev maşınında səsgücləndirici vasitələrdən yararlandığı üçün saxlanılıb. Nəhayət, bir ay öncə o, "Sumqayıt"la Premyer Liqa matçı zamanı əvəzlənərkən, baş məşqçi Arif Əsədovun uzatdığı əli sıxmadığı üçün əvəzedici heyətə göndərilib. Lakin 2 həftə sonra futbolçu bağışlanaraq, əsas komandaya qoşulub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |