Azərbaycan milli komandasının ağırlıqqaldıranı Tehran Məmmədov Albaniyanın Dürres şəhərində yeniyertmələr və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Məmmədov birdən qaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb.
Təkanla qaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran idmançı toplamda 288 kq nəticə göstərib.
Beləliklə birdən və təkanla qaldırma hərəkətlərinin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.










































































