Azərbaycanlı atlet Ramil Quliyevə Türkiyənin "Fənərbağça" klubunda vəzifə verilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünya və Avropa çempionu Atletika Şöbəsinin yeni məsul şəxsi olub.
Klub binasında keçirilən imza mərasimində Atletika Şöbəsinə məsul İdarə Heyətinin üzvü Ozan Vural və Həvəskar Şöbələr üzrə koordinator Yüksəl Seçkin Saruhan da iştirak ediblər.
Qeyd edək ki, 29 may 1990-cı ildə Bakıda anadan olan Ramil Quliyev sprint növləri üzrə, xüsusilə 200 metr məsafədə dünya atletikasında ciddi nailiyyətlərə imza atıb. O, 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanaraq tarixə düşüb. 2018-ci ildə Almaniyanın paytaxtı Berlində təşkil olunan Avropa çempionatında da eyni məsafədə qalib olub.
Karyerası ərzində bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Ramil Quliyev Türkiyə atletikasının rekordçularından biri kimi tanınır.


















































































