Yamaykalı sprinter Useyn Bolt 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə estafetdə qazandığı qızıl medalı geri qaytarıb. Sportnet.az-ın məlumatına görə, bu barədə idmançının özü açıqlama verib.
31 yaşlı atlet millidəki komanda yoldaşı Nesta Karterin dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün mükafatdan məhrum edilib. Karterin orqanizmindən istifadəsi qadağan edilmiş turinabol anabolik steroidi tapılıb. Nəticədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) bütün komanda üzvlərinin qızıl medallarının əllərindən alınmasına dair qərar çıxarıb.
"Əlbəttə, medalı qaytarmağım xoş deyil. Amma bu, İOC-un tələbidir. Ona görə də medalı artıq qaytarmışam" deyə Bolt bildirib.
Qeyd edək ki, Useyn Bolt son 3 olimpiadada 9 qızıl medal qazanıb. Amma medalı qaytarmasından sonra o, 8 qat olimpiya çempionuna çevrilib.