Albaniyanın paytaxtı Tirana şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmalarının heyətləri açıqlanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, milli komandalar 15 – 22 oktyabrda təşkil olunacaq yarışda 9 idmançı ilə təmsil olunacaqlar.
Elnarə Abbasova (63 kq), Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn Rüstəmov (94 kq) U-20-nin heyətində yer alıblar. 23 yaşadək atletlərin yarışında isə Azərbaycanı Mərziyyə Məhərrəmova (48 kq), Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq) təmsil edəcəklər.
Qeyd edək ki, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.