1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Anatolia" otelinin müdiri: "Norveçli voleybolçular bizə bandit, terrorçu dedilər"
Voleybolçu qadınlardan ibarət "Azərreyl" və Norveçin "Stod Volley" komandaları arasında yanvarın 22-də keçirilmiş Çelenc Kubokunun 1/8 final mərhələsinin cavab görüşündən sonra xoşagəlməz olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, "Stod Volley" üzvləri ilə komandanın qaldığı "Anatolia" otelinin rəhbərliyi arasında qalmaqal baş verib.
Hətta tərəflərin əlbəyaxa olduqları bildirilir. Məsələ ilə bağlı Sportnet.az-a açıqlama verən otelin müdiri Anar Hüseynov münaqişənin yaranmasında "Stod Volley"i günahlandırıb: "Bizə iki tərəfdən rezervasiya məktubu gəlmişdi. Biri Norveçin səyahət firmasından idi. Orada gələnlərin voleybol komandası olduğu göstərilməmişdi, sadəcə, adları yazılmışdı. Üstəlik, sifarişə yalnız səhər yeməyi daxil idi. Sifarişə səhər, günorta və axşam yeməyinin daxil olduğu digər rezervasiya məktubu isə klubun menecerindən satış müdirimizə ünvanlanmışdı. Yazılmışdı ki, voleybol klubuyuq, sizdə qalmaq istəyirik. Biz də hər iki rezervasiyanı qəbul etdik. Elə bildik ki, bunlar fərqli-fərqli insanlardır. Lakin komanda gəldikdə eyni rezervasiyanın iki tərəfdən olunduğu üzə çıxdı. Bunun səbəbini soruşduqda, klub nümayəndəsi cavab verdi ki, birdən nəsə olar deyə, özlərini sığortalamaq üçün belə ediblər. Mən də söylədim ki, oteldə belə şey olmaz, rezervasiyalardan birini ləğv etməlisiniz. O da "ləğv edərəm" cavabını verdi və öz rezervasiyalarının qəbul edilməsini istədi. Sonra da gündəlik 3 dəfə yeməyin daxil olduğu rezervasiyanı seçdi. Bu zaman mən də xahiş etdim ki, səyahət firmasına zəng vuraraq, onların vasitəçiliyi ilə gəlmədiklərini söyləsinlər. O isə "Özüm danışacağam, narahat olmayın" söylədi".
Hüseynovun sözlərinə görə, oyunu "qızıl set"də qələbə ilə başa vuran "Stod Volley" komandasının üzvləri otelə sərxoş vəziyyətdə qayıdıblar. Bu zaman onlara "Sabah çıxırsınız, ödənişiniz necə olacaq?" sualı ünvanlanıb. Qonaqlar ödənişin nağd olacağını bildiriblər: "Biz isə səyahət firması ilə məsələlərini həll edib-etmədiklərini də soruşduq. Çünki firmadan bizə hər gün komanda ilə bağlı müraciət edirdilər. Komanda rəhbərliyi isə hələ firma ilə danışmadıqlarını dedilər. Biz bunun doğru olmadığını söylədikdə, onların cavabı belə oldu "Məktub yazın ki, rezervasiyanı ləğv edirik". Amma məktubumuza cavab gəldi ki, rezervasiyanın ləğvi mümkün deyil. Çünki rezervasiyanı otelə girməmişdən 24 saat əvvələdək ləğv etməli idilər. Bunu klub rəhbərliyinin diqqətinə çatdırdıqda "İndi sizinlə danışmaq istəmirik, sabah danışarıq" söylədilər".
Ertəsi gün isə komanda üzvləri ekskursiyaya gediblər. Həmin vaxt otel əməkdaşları onlardan bir daha məsələnin nə yerdə olduğunu soruşublar. Komanda rəhbərliyi "Həll edərik" cavabını verib. Belə cavabdan sonra otel rəhbərliyi "Stod Volley"in fırıldaq iş görmək istəyində olduğu qənaətinə gəlib. İşçilər qonaq komanda üzvlərinin qaldıqları otaqları öz açarları ilə bağlayıblar ki, onlar pulu ödəməyənədək içəri girə bilməsinlər. Hüseynovun sözlərinə görə, "Stod Volley" üzvləri qayıdanda "Niyə otaqlarımızı bağlamısınız?" deyə qışqırmağa başlayıblar. Onlara "Ödənişi edin, sizin dalınca qaçası deyilik" cavabı verilib: "Onlar günorta və axşam yeməklərinin pulunu ödəmək istəmirdilər. Səyahət firması ilə danışdıqdan sonra rezervasiya pulunun batdığını anladılar. Bundan sonra bizim satış müdirini və mühafizəçimizi vurdular. Özü də vuranlar qadın voleybolçular idi. Ödənişin də yarısını etdilər, yarısını isə Norveçə çatandan sonra edəcəklərini bildirdilər. Amma razılaşmadıq, çünki aramızda müqavilə yox idi".
Uzun mübahisələrdən sonra "Stod Volley" qalan ödənişi də edib və çıxanda komanda üzvləri "Sizə göstərərəm" deyə otel işçilərini hədələyiblər. Daha sonra otelin və ölkəmizin ünvanına cürbəcür təhqiramiz məktublar göndəriblər: "Söyüşlərlə dolu məktubları, eləcə də rezervasiyalarını saxlamışıq. Sadəcə, bir şeyi çəkməmişik: Bunlar gedəndə otaqları pis günə qoyublar, hətta bəziləri çarpayıların üstünü sözün həqiqi mənasında batırıblar. Belə hesab edirdilər ki, "Azərreyl"i udduqları üçün biz onlara qarşı bu cür davranırıq. Amma halbuki özlərinə də demişdik: "Bu, idmandır, biri udar, o biri uduzar. Kimin udmasının bizim işimizə heç bir dəxli yoxdur". Yalandan deyirlər ki, guya bunlardan iki dəfə pul almışıq. Halbuki əvvəlcədən səyahət firmasına ödədiklərinin bizə heç bir dəxli yox idi. Bizə bandit, terrorçu dedilər. Guya polis çağırdığımızı iddia ediblər. Heç nə etməmişik. Nə polis gəlib, nə miqrasiya xidmətinin əməkdaşı, nə də Norveç səfirliyinin nümayəndəsi. Sadəcə, özlərini apara bilmədilər, söyüşlə, əl hərəkəti ilə danışdılar".
Otel müdiri məsələni belə qoymayacağını deyib. Hüseynov bazar ertəsi Norveçin Bakıdakı səfirliyinə gedərək, "Stod Volley" üzvlərinin yazdıqları məktubları konsula göstərəcəyini söyləyib.
Azərbaycan Voleybol Federasiyasından isə Sportnet.az-a bildirilib ki, baş verənlərlə bağlı Avropa Voleybol Konfederasiyasına şikayət məktub ünvanlanacaq.