
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında bu gün qadın güləşində ilk medalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Əsmər Cankurtaran (50 kq) türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabı ilə qalib gələn Cankurtaran bürünc medala sahib çıxıb.
Günay Qurbanova (59 kq) isə finalda italiyalı Aurora Russoyla qarşılaşıb. U20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçi ilə görüşə daha inamlı başlayan Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı idmançı debüt etdiyi U23 Avropa çempionatının qalibi olub.