Ukraynalı boksçu Vladimir Kliçko peşəkar karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, bu barədə "Bild” nəşri məlumat yayıb.
Belə ki, 2017-ci il noyabrın 11-də britaniyalı Entoni Coşua ilə revanş qarşılaşması keçirməyi planlaşdıran 41 yaşlı idmançı gözlənilmədən fikrini dəyişib və peşəkar boksçu karyerasını sonlandırıb. O, E.Coşuaya bu il aprelin 29-da "Uembli”də baş tutan döyüşdə uduzub.
Qeyd edək ki, Vladimir Kliçko peşəkar rinqdə 69 görüş keçirib. O, 64 döyüşdə (53 nokaut) qalib gəldiyi halda, 5 dəfə uduzub. Ukraynalı idmançı 1996-cı il Yay Olimpiya Oyunlarının qalibidir. 41 yaşlı boksçu superağır çəkidə Beynəlxalq Boks Təşkilatının (WBO, 2000-2003, 2008-2015), Beynəlxalq Boks Federasiyasının (IBF, 2006-2015) və Dünya Boks Assosiasiyasının (WBA, 2011-2015) versiyaları üzrə dünya çempionudur.