Sərbəst güləş üzrə Azərbaycan milli komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, Xetaq Qazyumovun baş məşqçi olduğu yığma yarışı 150 xalla birinci yerdə başa vurub. Qitə çempionatında 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanılıb. Bu, Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.
Gürcüstan 137 xalla ikinci, Türkiyə 115 xalla üçüncü yeri tutub.
Azərbaycan medal əyarında da bütün ölkələri qabaqlayıb və bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, yığma üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.