
Azərbaycan III MDB Oyunlarında yenidən ikinci pilləyə yüksəlib.
Sportnet.az-ın məlumatına görə, bu, ötən gün əldə edilmiş 49 medal sayəsində mümkün olub.
Medallardan 10-u qızıl, 17-si gümüş, 22-si bürünc əyarlı olub. Bunların 21-i cüdonun, 10-u boksun, hərəyə 7-si güləş və karatenin, 2-si qılıncoynatmanın, hərəyə 1-i futbol və güllə atıcılığının payına düşüb.
Beləliklə, təşkilatçı ölkənin qazandığı medalların sayı 134-ə (23 qızıl, 44 gümüş, 67 bürünc) çatıb.
Başqa sözlə, Azərbaycan indiyədək qazandığı medalların 1/3-ni bir gün ərzində əldə edib. Bu isə ölkə idmanı tarixində fantastik göstəricidir.
İndi Azərbaycanı lider Rusiyadan cəmi 23 medal ayırır. Sadəcə, Rusiyanın daha çox - 89 qızıl medalı var. Qonşu ölkənin gümüş medal sayı 40, bürünc medalları isə 28-dir.
Belarus isə bir pillə geriləyərək, üçüncü mövqeyə enib. Bu ölkənin cəmi 81 medalı var ki, onlardan 20-si qızıl, 23-ü gümüş, 38-i bürüncdür.