
III MDB Oyunlarında bu gün 8 idman növü üzrə mübarizə gedəcək.
Sportnet.az-ın məlumatına görə, voleybol, güllə atıcılığı, 3X3 basketbol, akademik avarçəkmə və kanoedə yarışlar yekunlaşacaq.
Bədii gimnastika növündə isə üç günlük mübarizənin startı veriləcək.
Gəncə İdman Sarayında saat 9:00-dan etibarən güllə atıcıları 10 metr məsafəyə atışda qüvvələrini sınayacaqlar.
Saat 10:00-da Azərbaycan və Özbəkistanın qız voleybolçulardan ibarət yığmaları 3-cü yer uğrunda, saat 13:00-da Belarus və Rusiya milliləri finalda üz-üzə gələcək.
Eyni məkanda və eyni saatda oğlan və qız qılıncoynadanlar şpaqa növündə fərdi mübarizədə qalibləri müəyyənləşdirəcəklər.
Mingəçevirdəki "Kür" Olimpiya İdman Mərkəzində saat 10:30-da akademik avarçəkənlər 2 nəfərlik qayıqla 1500 metr məsafəyə yürüşlərə qatılacaqlar. Kayakçılar və kanoeçilər isə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla 1000 metr və 500 metr məsafələrə yürüşlərdə iştirak edəcəklər.
Saat 11:00-da Şəki şəhər stadionunda Qazaxıstan və Qırğızıstanın çövkən yığmaları arasında 3-cü yer uğrunda görüş olacaq.
Gəncə Basketbol Kortunda oğlan və qızlardan ibarət 3X3 komandaları arasında yarımfinal və final görüşləri təşkil olunacaq. Mübarizəyə saat 16:00-da start veriləcək. Finala vəsiqə qazanmaq üçün Azərbaycanın oğlanlardan ibarət komandası Belarusa, qızlar yığması isə Özbəkistana qalib gəlməlidir. Digər yarımfinallarda Rusiya millisi müvafiq olaraq, Özbəkistan və Belarusla qarşılaşacaq.
Nəhayət, Şəki Olimpiya İdman Kompleksində fərdi və çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.