2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilmiş ilk MDB Oyunlarından sonra bu, izlədiyim ikinci "MDBiada" idi. Belarusda keçirilmiş II MDB Oyunlarında olmasam da, 2019-cu ildə II Avropa Oyunlarına canlı şahidlik etmişdim. Avropa Oyunları bitər-bitməz Bakıda Avropa Gənclərinin Olimpiya Festivalı keçirilmişdi. 2022-ci ildə isə Türkiyənin Konya şəhərindəki İslam Həmrəyliyi Oyunlarını işıqlandırmışdıq.
İzlədiklərimə əsasən deyə bilərəm ki, başa çatmaqda olan III MDB Oyunları təşkilatçılıq baxımından Avropa Gənclərinin Olimpiya Fesivalından da, II Avropa Oyunlarından da, V İslam Həmrəyliyi Oyunlarından da üstün səviyyədədir.
Təkcə ona görə yox ki, hazırkı MDB Oyunları Azərbaycanda keçirilir, ölkəmiz bölgələrdə də müasir idman infrastrukturu və təşkilatçılıq təcrübəsini bir daha əyani nümayiş etdirir.
Həm də ona görə ki, İslamiada və son illərin digər multi-idman yarışlarından fərqli olaraq, burada Rusiya da iştirak edir.
***
Əlbəttə, işğalçı ölkənin nəinki bütün yarışlardan, hətta sivil dünyadan təcrid olunması tam düzgün qərardır, neytral statusda belə, iştirakı yolverilməzdir.
Amma nə edəsən ki, MDB Oyunlarının təşəbbüskarı elə Rusiyanın özüdür və cani-dildən çalışır ki, bu Oyunlar davam etdirilsin. Hərçənd, gələcəyi xeyli dumanlı görünür və növbətisinin yenidən ya Belarusun, ya da elə özlərinin boynuna düşəcəyi istisna deyil.
Rusiyanın hazırda öz bayrağı və himni ilə çıxış edə biləcəyi yeganə multi-idman yarışı MDB Oyunlarıdır. Ona görə də Azərbaycana ən güclü heyətlə gəliblər.
Vaxtilə olimpiadalarda ümumi komanda hesabında liderliyi ələ keçirmək üçün ABŞ, Çin kimi dünya nəhəngləri ilə mübarizə aparmış Rusiyaya indi biz əsas rəqib gözü ilə baxırıq. Bəzi hallarda onları üstələmək mümkün olur.
Hazırda həm Azərbaycanın, həm də Rusiyanın qazandığı medal sayı üçrəqəmlidir, kəmiyyətcə fərq çox da böyük deyil. Amma məhz medal əyarı - keyfiyyətində şimal qonşularımızdan geri qalırıq. Bir çox idman növündə qızıl medal qazana bilməmişiksə, bunun səbəbkarı Rusiyanın özü olub. Oktyabrın 4-dək istər gümüş, istərsə də bürünc medal sayında onları qabaqlayırdıq. Bu da məhz Rusiyanın qızıl medalları aktivinə yazdırması ilə əlaqədar idi.
***
MDB Oyunlarına gələn ölkələrin tərkibinə nəzər saldıqda məlum olur ki, onların az qala yarısı - Azərbaycandan əlavə, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan türkdilli ölkələrdir. Bu halda "Türkdilli Ölkələrin Oyunlarını keçirmək daha yaxşı olmazdımı" ideyası ağla gəlir. Amma bu ölkələrin İslam Həmrəyliyi Oyunlarında da iştirak etmələri səbəbindən belə bir ideyadan dərhal vaz keçməli oluruq.
Amma gəlin görək, İslamiadada Rusiya qədər güclü ölkə varmı? Xeyr. Hətta Türkiyə də o səviyyədə deyil. MDB Oyunlarına zəif heyətlə gəlmələrinə görə demirəm, ümumilikdə idmançılarının səviyyəsi o deyil.
Ona görə də III MDB Oyunlarının Azərbaycan idmançılarının təcrübələrinin xeyli yüksəlməsinə, güclərinə güc qatmasına səbəb olacağını əminliklə söyləyə bilərik. Unutmayaq ki, Rusiyadan əlavə, Belarus və Özbəkistan, hətta Qazaxıstanın da güclü idmançıları var. Ölkə sayı az olsa da, onlar keyfiyyətcə səviyyəli idmançılara malikdirlər.
***
Digər tərəfdən, III MDB Oyunları Azərbaycanda inkişaf etmiş və inkişafda olan idman növləri üzrə keçirilir. Düzdür, etiraf edək ki, aralarında bəzi "xaltura" idman növləri də var. Amma olsun, onlar da milli adət-ənənələri göstərmək baxımından önəmlidir. İnkişafda olan idman növlərinə gəlincə, məsələn, son illər üzgüçülük növündə nailiyyətlərin əldə olunması üçün nə qədər cəhdlər edilirdi. Artıq bu cəhdlərin nəticəsini MDB Oyunlarındakı üzgüçülük yarışında qazanılan 13 medalda (2 qızıl, 5 gümüş, 6 bürünc) gördük.
Oyunların Azərbaycanın 7 şəhərində təşkil olunması ilk baxışdan asan görünə bilər. O mənada ki, ayrı-ayrı şəhərlərdədir deyə, idman obyektlərinin üzərinə güc düşmür. Amma təkcə logistika məsələlərini göz önünə aldıqda təşkilatçıların nə qədər böyük yükü daşımaq zorunda qaldıqlarını anlayırsan.
Təsəvvür edin ki, jurnalistlərin qaldıqları Naftalandan ən yaxın idman obyektləri olan Gəncə İdman Sarayı, Gəncə Olimpiya İdman Kompleksi, Gəncə Stadionu, Mingəçevir "Kür" Olimpiya İdman Mərkəzi, Yevlax Olimpiya İdman Kompleksinə olan məsafəsi bir saatadəkdir. Hələ mən Xankəndi, Göygöl, Qəbələ və Şəkidəki idman obyektlərinin nə qədər uzaqlıqda yeləşdiyini demirəm. Hər birinə jurnalistlərin və bəzi hallarda idmançıların daşınması üçün nəqliyyat vasitələrinə ciddi ehtiyac duyulur.
Oyunlarla əlaqədar bu obyektlərin bir çoxu təmir olunub, bəziləri yenidən qurulub və inşa edilib. Onların hamısı irsiyyət baxımından gələcəkdə də fayda verəcək. Artıq dünya və Avropa çempionatlarını yalnız Bakıda deyil, bölgələrdə də keçirmək mümkün olacaq.
Beləliklə, təhlillər əsasında bu nəticəyə gəlmək olar ki, III MDB Oyunları Azərbaycanda idmanın coğrafiyasının, idmançı kütləviliyinin və nəticə verməyə qadir olduğumuz idman növlərinin say artımına və keyfiyyətinə müsbət təsir göstərəcək.
Elşən MƏMMƏDOV