Ermənistanda qış idman növləri üzrə idmançılara verilən geyimlər mövsümə uyğun olmayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin Xizək İdmanı Federasiyasının prezidenti Qaqik Sarkisyan açıqlama verib.
Federasiya rəhbəri bildirib ki, qış idman növləri üzrə milli komandalar uzun müddət dövlət tərəfindən beynəlxalq yarışlar üçün lazımi idman geyimi ilə təmin edilməyib. Yalnız 2025-ci il dünya çempionatı ərəfəsində idmançılara geyim təqdim olunub, lakin həmin geyimlərin yay idman növləri üçün nəzərdə tutulduğu ortaya çıxıb.
Sarkisyan qeyd edib ki, bu vəziyyət idmançıların ölkəni beynəlxalq arenada layiqincə təmsil etməsinə mane olur və qış idman növləri ilə yay idman növləri arasında açıq-aşkar qeyri-bərabərlik mövcuddur. Onun sözlərinə görə, qış idman növləri üzrə cəmi iki idman məktəbinin fəaliyyətdə olması da problemin miqyasını göstərir.
Federasiya prezidenti vurğulayıb ki, 2026-cı il Qış Olimpiya Oyunları ərəfəsində bu cür təşkilati problemlər ciddi narahatlıq doğurur və indiyədək məsələ ilə bağlı aidiyyəti qurumlara edilən müraciətlər nəticəsiz qalıb.
Rəsmi qurumlar isə səsləndirilən iddialarla bağlı hələlik açıqlama verməyiblər.













































































