1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimovu gözləyən təyinat və ya yeni nazir kim olacaq?
Nazirlər Kabinetinin yeni tərkibi açıqlanarkən, 20-dək vakant post sırasında gənclər və idman naziri vəzifəsinin də olması müəyyən söz-söhbətlərə yol açıb. Sportnet.az-ın məlumatına görə, söhbət növbəti müddətə təyinat alanlar siyahısında Azad Rəhimovun yer almamasından gedir.
Nazir hara gedir?
A.Rəhimov 2006-cı ildən bu vəzifədə çalışmaqla yanaşı, ölkədə bir sıra böyük idman tədbirlərinin təşkili zamanı mühüm səlahiyyətləri icra edib. Onun fəaliyyəti dövründə Bakıda dünya və Avropa çempionatları, çoxsaylı digər beynəlxalq yarışlardan savayı, "Bakı 2015" I Avropa Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları keçirilib. Nazir Oyunların Əməliyyat Komitəsinin baş icraçı direktoru kimi çoxsaylı tapşırıqların yerinə yetirilməsində birbaşa iştirak edib.
Hazırda "Minsk 2019" II Avropa Oyunlarının Koordinasiya Komissiyasının üzvü kimi də çalışır. Üstəlik, oğlu Arif Rəhimov 3 ildir təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteridir.
Yəni, bütün bunlar Azad Rəhimovun bəzi nazirlər kimi vurulduğunu deməyə əsas vermir. Belədə 2 variant qalır: 27 - 29 apreldə Formula 1 üzrə Azərbaycan Qran Prisi yekunlaşdıqdan sonra - mayın 1-dən digər vakant vəzifələrə yerdəyişmə, yaxud daha yüksək posta təyinat. 3-cü variant - A.Rəhimovun elə indiki vəzifəsinə təsdiqlənəcəyi isə inandırıcı görünmür. Çünki bu, baş versəydi, onun adı elə ötən gün açıqlanan tərkibdə yer alardı.
Baş nazir müavinliyi ilə mer arasında
Deməli, A.Rəhimovu yeni vəzifəyə təyinat gözləyir. Vakant post sayı yetərincə olsa da, onun digər nazirliklərə və ya komitələrə göndərilmə ehtimalı azdır. Çünki əslində gənclər və idman naziri kimi gördüyü işlərin miqyası daha böyük qurumlara yolunu açır. Yeganə istisna hal Dövlət Gömrük Komitəsinin sədri kimi çalışması ola bilər. Lakin daha çox tikinti-quruculuq sahəsində özünü təsdiqlədiyi üçün tam fərqli fəaliyyət tələb edən gömrük işinin ona tapşırılması çox da gözlənilmir.
Hazırkı durumda A.Rəhimovun ya baş nazirin müavini, ya da Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunacağı daha çox müzakirə olunur. Yeni hökumətdə Novruz Məmmədov baş nazir, Yaqub Eyyubov onun I müavini, Əli Əhmədov, Əli Həsənov və Hacıbala Abutalıbov isə müavinləridir. Daha 2 müavinin kimlər olacağı maraqlıdır. Amma nəinki müavin, hətta baş nazirin işi ötən müddətdə "göz oxşamayıb". Bu səbəbdən, yeni müavinlərin də elə köhnələrin arasında əriyəcəklərini düşünməyə əsas var. A.Rəhimov isə bu cür şəxslərdən deyil. Cəmi 54 yaşı var, enerjili, bacarıqlı kadrdır.
Təhlillər apardıqca belə qənaətə gəlmək olar ki, A.Rəhimovun paytaxt meri vəzifəsinə təyinatı daha realdır. Həm də ona görə ki, Bakıda doğulub, gənclər və idman naziri kimi fəaliyyəti dövründə paytaxtın bütün xüsusiyyətlərini, problemlərini müəyyənləşdirməmiş deyil, bir sıra nəhəng idman qurğularının tikintisində yaxından iştirak edib. Uzun müddət biznes sferasında çalışdığı üçün gəlirli layihələr həyata keçirməyə qadirdir. Sələfi Hacıbala Abutalıbov ingiliscə salamlamağı belə bacarmadığı halda, o, bir neçə dildə səlis danışır.
Elxan Məmmədov, Adil Əliyev, yoxsa...?
Bəs gənclər və idman naziri vəzifəsinə kim təyin olunacaq? Hazırda bu da aktual mövzulardandır. İdman cameəsi olaraq baxıldıqda, son zamanlar deputat, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevlə AFFA-nın baş katibi Elxan Məmmədovun adı daha çox hallanır. E.Məmmədov əvvəllər yalnız futbolla bağlı tədbirlərdə iştirak edirdisə, Prezident seçkiləri yaxınlaşdıqca digər idman tədbirlərində də tez-tez görünürdü. Elə o vaxtdan adı gələcək gənclər və idman naziri kimi hallanmağa başlamışdı. Özünün də gənc olması və beynəlxalq əlaqələrdə fəallığı nazir təyinatında rol oynaya bilər.
A.Əliyev isə bütün idmançıların yaxından tanıdığı şəxsdir, işgüzarlığı ilə seçilməkdədir. Rəhbərlik etdiyi federasiya qeyri-olimpiya növü üzrə olsa da, yüksək nəticələr verən idman qurumları sırasında öncüllərdəndir.
Lakin böyük ehtimalla Gənclər və İdman Nazirliyinin rəhbərliyinə sürpriz təyinat olacaq. Həmin şəxsin Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və ya bu yaxınlarda nazir müavini təyin olunmuş Fərhad Hacıyev olacağı daha çox güman edilir. İstənilən halda, bir məsələni əminliklə demək olar ki, Gənclər və İdman Nazirliyi əvvəlki kimi güclü qalmayacaq. Hətta gələcəkdə bu nazirliyin səlahiyyətlərinin azaldılaraq, komitəyə çevrilməsi də realdır. Görünür, A.Rəhimovun gənclər və idman naziri postunda saxlanılmamasının bir səbəbi də budur.
Yeni təyinat isə çox da uzaqda deyil. Uzağı bir həftə səbr etmək yetər...
Elşən MƏMMƏDOV