Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) "Formula 1" üzrə Azərbaycan Qran-prisininin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.
BŞH-dən Sportnet.az-a verilən məlumata görə, növbəti yarışın Marşal Proqramına 100-ü xarici olmaqla ümumilikdə 1300-dək marşalın cəlb olunması nəzərdə tutulur. Proqramda yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs iştirak edə bilər. Qoşulmaq istəyənlər bu keçidə daxil olaraq əlaqədar formanı doldurub təsdiqləməlidirlər.
BŞH-nin İdman Əməliyyatları şöbəsinin və BMK-nin rəhbəri Çingiz Mehdiyev ilk dəfə 2016-cı ildə 100 nəfərlik yerli marşal heyəti ilə fəaliyyətə başladıqlarını və artıq klub üzvlərinin sayının 1800-ə çatdığını bildirib.
Proqrama cəlb olunmuş marşallar 2020-ci il Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq, eyni zamanda yarış həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar. Həmçinin "Formula 1" yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyası Beynəlxalq Avtomobil Federasiyasının (FIA) marşallıq fəaliyyətinə dair beynəlxalq lisenziyasını təqdim edəcək.
Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran-prisi 5 - 7 iyun 2020-ci ildə keçiriləcək.