Azərbaycan Tennis Federasiyasının (ATF) təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında (BTA) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.
Sportnet.az xəbər verir ki, ənənəvi yarışda bu dəfə 17 ölkənin 18 yaşlı idmançıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı, turnirə Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan ümumilikdə 28 oğlan və 24 qız qatılıb.
Azərbaycan təmsilçisi Tamerlan Əzizov finalda rusiyalı Qriqori Şebekinə qalib gələrək çempion olub.
Azərbaycan Tennis Federasiyasının 1-ci vitse-prezidenti Salam Əsgərzadə mükafatlandırma mərasimində idmançıları təbrik edib və qarşıdakı yarışda onlara uğurlar arzulayıb: “Federasiya olaraq tennisin təbliği üçün mütəmadi addımlar atırıq. Artıq BTA-da növbəti beynəlxalq yarışı təşkil etdik. Dünyanın müxtəlif ölkələrindən tennisçilər paytaxtımıza gəldi. Bir daha sübut etdik ki, biz hər zaman beynəlxalq yarışlar təşkil etməyə hazırıq. Qalib və mükafatçıları təbrik edir, onlara uğurlar arzulayıram”.