“Son 15 il ərzində "Formula 1"də möhtəşəm insanlarla işləmək imkanına sahib oldum. Mən son iki ildir ki, "Aston Martin"in pilotu olmuşam və nəticələrimiz gözlədiyimiz qədər yaxşı olmasa da, aydındır ki, komandanın növbəti illərdə ən yüksək səviyyədə çıxış etməsi üçün lazım olan hər şey yığılıb".
Sportnet.az xəbər verir ki, bunu cari mövsümün sonunda karyerasını bitirəcək "Formula 1" üzrə dördqat dünya çempionu Zebastyan Fetel deyib.
O bildirib ki, qalan son 10 yarışda əlindən gələni edəcək. 35 yaşlı alman pilotun sözlərinə görə, indi ailəsinə daha çox vaxt ayırmaq istəyir: "Ayrılmaq qərarı mənim üçün çətin oldu, bu barədə düşünməyə çox vaxt sərf etdim. İlin sonunda daha çox vaxtımı növbəti nəyə diqqət yetirəcəyimi düşünmək istəyirəm. Mənə aydındır ki, bir ata olaraq ailəmə daha çox vaxt ayırmaq istəyirəm.
Amma bu gün vida haqqında danışmaq istəmirəm. Mən hər kəsə, o cümlədən azarkeşlərə təşəkkür etmək istəyirəm. Onların çılğın dəstəyi olmadan "Formula 1" mövcud olmazdı".
Qeyd edək ki, Zebastyan Fetel 2010-2013-cü illərdə ardıcıl 4 dəfə dünya çempionu olub. O, ötən il keçirilmiş Azərbaycan Qran-prisində meksikalı Serxio Peresin ardından ikinci yerə çıxıb.