
"Farer adaları və Bolqarıstan yığmaları ilə oyunlara hazırlıqlarımiz çox ciddi və yüksək səviyyədə gedir. Maraqlı məşqlər, gözəl əhval-ruhiyyə ilə yorğunluğumuzu unuduruq. Özümüzə inam gündən-günə artır". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycanın həndbolçu qadınlardan ibarət milli komandasının üzvü İranə Qasımova deyib.
24 yaşlı hücumçu hazırlıq prosesində onlara məşqçilərlə yanaşı, həndbolçu oğlanların da kömək etdiklərini bildirib: "Yaxşı oynamağımız üçün həndbolçu kişilər dəbizə kömək edir, tez-tez bizimlə görüşlər keçirirlər. Sağ olsunlar. Məşqçilərimiz də əllərindən gələni edirlər ki, biz güclü olaraq qalib gələk və inşallah, bunu bacaracağıq".
Qasımova həndbola gəlişindən də danışıb: "Məktəbdə idman dərsi idi. Bir xanım boyumu görüb idman müəlliməmizlə birgə mənə yaxınlaşdı. Həndboldan danışmağa başladı. Mənim heç bir anlayışım yox idi. Dedi "Gəl, bax. Xoşuna gələcək". Telefon nömrəmi götürdü, hər gün zəng edirdi. Amma mən getmək istəmirdim. Getməyə atam məcbur etdi. Getdim, qızların gülərüz, mehriban olduqlarını, qaçıb topu qapıya vurduqlarını gördükdən sonra həndbol çox xoşuma gəldi. Həmin qadın - Yelena Vladimirovna ve həyat yoldaşı Vladimir Afanasyeviç mənim ilk müəllimlərim oldular. Mən onları, onlar məni çox istədilər. Onların gözləri önündə böyüdüm. Mənə çox şeyi öyrətdilər: həm həyatda, həm də idmanda. Artıq 10 ildir idmanla məşğulam".