Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.
Sportnet.az xəbər verir ki, "Neftçi" klubunun sabiq prezidenti Sadıq Sadıqov vəfat edib.
60 yaşlı keçmiş klub rəhbəri ürək tutması səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə Naxçıvanda anadan olub.
Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olub.
Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar.
Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb.
O, 2009 – 2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib, rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.




















































































