İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri medal uğrunda daha 3 çəkidə xalçaya çıxacaqlar.
Ruslan Nurullayev (72 kq) təsnifat mərhələsində moldovalı Vasile Zabikanı, Mikayıl İsmayılov (97 kq) meksikalı Dorian Emmanueli sınağa çəkəcək.
İsmayıl Rzayev (82 kq) isə 1/8 finalda monqolustanlı Erlan Mars Uulu ilə qarşılaşacaq.
Bu gün, həmçinin Cocu Səmədov (87 kq) final görüşünə çıxacaq. Onun rəqibi qırğızıstanlı Asan Janişov olacaq.
Digər güləşçilərimizdən Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq) və Məzaim Mərdanov (130 kq) isə bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.