![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739514445_1.jpg)
Azərbaycan Güləş Federasiyası əslən İnquşetiyadan olan sərbəst güləşçi Muxamed Qantemirovun U-20 ölkə çempionatında sinəsində Rusiya bayrağı olan triko ilə yarışması məsələsinə aydınlıq gətirib.
Sportnet.az xəbər verir ki, qurumun mətbuat katibi Sərxan Musayevin Teleqraf-a açıqlamasında 18 yaşlı pəhləvanın 125 kq çəki dərəcəsində final öncəsi trikosunu itirdiyini və bu haqda federasiyaya demədiyini bildirib: “Bir az utancaq olduğundan, o, heç kimə bu barədə bir söz deməyib. Çempionata isə öz trikosunu gətirib. Görüşə çıxanda stikerlə bayrağın üstü tutulub. Güləşən vaxtı isə bir epizodda anidən stiker qopub və yerə düşüb. Çünki tərləyəndə istər-istəməz sulanmadan qopma baş verir. Hakim də buna fikir verməyərək, stikeri kənara atıb".
Federasiya rəsminin sözlərinə görə, güləşçinin trikosunun sinəsində Rusiya bayrağının olmasını və stikerin qopub düşməsini onlar görüş bitəndən sonra görüblər və dərhal yapışdırıblar: "Hakim qalib kimi onun əlini yuxarı qaldıranda artıq stikerdə idi. Sadəcə, görüşün müəyyən hissəsində stiker qopmuşdu və yalnız həmin vaxt belə vəziyyətdə olub. İdmançı əvvəlcədənn bizə desəydi ki, trikosunu itirib, federasiya onu triko ilə təmin edərdi”.
Qeyd edək ki, görüş ötən gün baş tutub. Beynəlxalq yarışlardan uzaqlaşdırıldığı üçün Rusiyanın bayrağı heç bir yarışda nümayiş etdirilə bilməz. Qonşu ölkə güləşçiləri beynəlxalq yarışlara yalnız neytral statusda qatıla bilərlər.