
Azərbaycanın 3 yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, ikiqat Avropa və dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq), Avropa çempionu Murad Məmmədov (63 kq) və qitə çempionatlarının mükafatçısı İslam Abbasov (87 kq) bu vəsiqəyə yiyələnib.
Mübarizəyə 1/4 final mərhələsindən başlayan Əzizli Gürcüstan yığmasının üzvü Vaxtanq Loluanı 9:0 hesabı ilə yenib. Finala gedən yolda onun rəqibi Ermənistan təmsilçisi Manvel Xaçatryan olacaq.
Məmmədov 1/8 finalda Dünya Güləş Birliyinin bayrağı altında yarışan belarusiyalı Qleb Makarenkonu 6:1, 1/4 finalda isə xorvatiyalı İvan Lizatoviçi 9:0 hesabı ilə məğlub edib. Yarımfinalda Məmmədov 2022-ci ilin Avropa çempionu türkiyəli Kərəm Kamalla üz-üzə gələcək.
Abbasov isə təsnifat mərhələsində polşalı Şimon Şimonoviçi 4:0, 1/8 finalda niderlandlı Marsel Stertenburqu 4:1, 1/4 finalda norveçli Ekausa Mukubunu 3:1 hesabı ilə üstələyib. O, finala çıxmaq üçün bolqarıstanlı Semen Novikovu udmalıdır.
77 kq çəkidəki 2020-ci ilin Avropa çempionu Sənan Süleymanov 1/8 finalda türkiyəli Ahmet Yılmaza 1:2 hesabı ilə uduzaraq, rəqibi finaladək irəliləyə bilmədiyi üçün mübarizəni dayandırıb.
130 kq-da Beka Kandelaki təsnifat mərhələsində ukraynalı Mixaylo Vışnevetskini vaxtından əvvəl təmiz qələbə ilə üstələsə də, növbəti mərhələdə türkiyəli Muhammed Bekirə yenilib - 0:2.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlanacaq. Saat 20:00-dan etibarən isə qadın güləşçilərin medal qarşılaşmaları start götürəcək. Azərbaycan təmsilçisi Jalə Əliyeva 57 kq çəkidə finlandiyalı Cenna Hemyai ilə bürünc medal uğrunda mübarizə aparacaq.