
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi çıxışlara yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandası kişilərin fərdi çıxışları üzrə komanda hesabında 5-ci, ümumi sıralamada isə 10-cu pilləni tutub.
Yığmanın 5 üzvü qitə çempionatını medalla başa vurub. Cüdoçulardan Zelim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medallara sahib olub. Kişilərin mübarizəsində digər 2 cüdoçu da ümumi sıralamaya xal qazandıran pillələri tutublar. Uşanqi Kokauri (+100 kq) yarışı 5-ci, Turan Bayramov (60 kq) isə 7-ci yerdə bitirib.
Azərbaycanın qadınlardan ibarət cüdoçuları ümumi sıralamaya düşmək üçün tələb olunan 7-ci sıranı da tuta bilməyib.
Avropa çempionatının komanda hesabında qalibi isə 7 medalla Fransa seçməsi olub. Yarışda ümumilikdə 47 ölkə iştirak edib.
Qeyd edək ki, Avropa çempionatının qarışıq komanda yarışları aprelin 27-də start götürəcək. Azərbaycan cüdoçuları 1/8 final mərhələsində Gürcüstanla qarşılaşacaq.