
İtaliyanın Kaorle şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında ilk medalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb.
Finalın əvvəlindən sonunadək dominantlıq edən Qurbanova böyük üstünlüklə - 9:1 hesabı ilə qələbə qazanaraq Avropa çempionu olub. Beləliklə, gənc pəhləvan bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb.
Qurbanova daha öncə ilk reytinq turnirinin və 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi olub.
Qeyd edək ki, Azərbaycanın digər qadın güləşçilərindən Ruzanna Məmmədova (62 kq) çexiyalı Tereza Mraçkovaya “tuş”la, belaruslu Karina Fişçuka 4:0, rusiyalı Yekaterina Radışevaya isə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Məmmədova finalda almaniyalı Leoni Steygertlə güləşəcək. Yarışa 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kq) isveçli Elvira Erssona 2:8 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Kərimzadə təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilklə güləşəcək.