
Azərbaycan Boks Federasiyası Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə Viktor Maystroviçin final görüşündə baş verənlərlə bağlı açıqlama yayıb.
Sportnet.az xəbər verir ki, federasiya görüşün baş hakimi Stefan Subalevskini boğmağa cəhd edən texniki direktor Hamza Avezovla bağlı qaydalara uyğun addımların atılacağını bildirib.
"Final görüşündə texniki direktor Hamza Avezov idman etikasına uyğun hərəkət etmədiyinə görə, onunla bağlı Azərbaycan Boks Federasiyasının təlimatına və qaydalara uyğun olaraq addım atılacaq. Adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevski qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldı. Onu çempionluqdan məhrum etdi.
Bununla əlaqədar federasiya olaraq hakim barəsində də tədbir görülməsi üçün aidiyyatı beynəlxalq təşkilata müraciət hazırlanır", - deyə açıqlamada vurğulanır.