
Azərbaycanın 17 yaşadək çimərlik güləşçilərindən ibarət milli komandası Yunanıstanın Katerini şəhərində keçirilən dünya çempionatında 3 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 10 güləşçi çıxış edib.
Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib, daha sonra 4-ü yarımfinala adını yazdırıb.
Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o çimərlik güləşində qızlar arasında ilk dünya çempionu kimi adını tarixə yazdırıb.
Nihad Süleymanlı (80 kq) yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisinə heç bir şans tanımadan qızıl medala sahib çıxıb.
Finalın bir addımlığında iranlı rəqibinə məğlub olan Elgün Kərimli (90 kq) moldovalı həmkarı üzərində 5:0 hesablı qələbə qazanaraq dünya üçüncüsü olub.
Rəşad Əliyev (70 kq) də medal qazanmağa yaxın olub. Ancaq milli üzvü yarımfinalda İran, bürünc medal görüşündə isə Gürcüstan güləşçisinə məğlub olaraq 4-cü yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan çimərlik güləşçiləri mundialda 2 qızıl və 1 bürünc medal qazanıb. Oğlanlardan ibarət komanda 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyət isə 25 xalla Moldova və Puerto-Riko ilə 4 - 6-cı yerləri bölüşüb.
Qeyd edək ki, dünya çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.