
Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran Prinin ilk günündə Azərbaycan millisi 3 medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçulardan Balabəy Ağayev qızıl, Əhməd Yusifov bürünc medala sahib olub.
Ağayev finalda braziliyalı Miçel Auqustonu, Yusifov 3-cü yer uğrunda görüşdə fransalı Entso Janı üstələyib.
Azərbaycanın aktivinə daha bir qızıl medalı isə 66 kq çəkidə Ruslan Paşayev yazdırıb. Paşayev finalda finlandiyalı Luukas Sahanı məğlubiyyətə uğradıb.
Beləliklə, Azərbaycan millisi ilk yarış gününü 2 qızıl, 1 bürünc medalla başa vurub.
------------------------------
Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran Priyə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü tatami üzərinə çıxıb.
60 kq çəki dərəcəsində yer alan Balabəy Ağayev finala yüksəlib. O, həlledici görüşdə braziliyalı Miçel Auqusto ilə qarşılaşacaq.
Bu çəkidəki daha bir azərbaycanlı cüdoçu Əhməd Yusifov isə bürünc medal uğrunda mübarizə aparacaq. O, fransalı Entso Janla üz-üzə gələcək.
66 kq çəkidə isə Ruslan Paşayev adını finala yazdırmağı bacarıb. O, qızıl medal qazanmaq üçün finlandiyalı Luukas Sahanı yenməlidir.
Onun çəki yoldaşı Yaşar Nəcəfov ikinci görüşündə yerli cüdoçu Robin Jaraya uduzaraq, mübarizəni dayandırıb.
Medal görüşləri bu gecə Bakı vaxtı ilə saat 3:00-da başlanacaq.
Qeyd edək ki, Meksika Qran Prisinə oktyabrın 19-da yekun vurulacaq.