Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, İlk yarış günündə yunan-Roma güləşi üzrə dörd çəki dərəcəsində finalçılar müəyyənləşib. Azərbaycan təmsilçisi Ziya Babaşov (63 kq) uğurlu çıxışı ilə fərqlənib.
Güləşçimiz əvvəlcə yaponiyalı Miruto Tokuhiqaya 7:1, daha sonra iranlı Mohammad Navidə 3:1 hesabı ilə qalib gəlib. O, 1/4 finalda rusiyalı Dordji Şunqurtsikovu bərabərlik (1:1) olsa da, ilk xal prinsipinə əsasən məğlub edib və yarımfinala yüksəlib.
Yarımfinalda türkiyəli Servet Angi ilə qarşılaşan Ziya Babaşov bu görüşdən də 2:1 hesablı qələbə ilə ayrılıb və finala adlayıb. O, sabah baş tutacaq həlledici qarşılaşmada moldovalı Vitali Yeryomenko ilə qızıl medal uğrunda mübarizə aparacaq.
Digər güləşçilərimizdən Davud Məmmədov (77 kq) ilk görüşdə macarıstanlı Levente Levaya 0:5 hesabı ilə uduzub.
Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində iranlı Qulamreza Faruxisencaniyə 0:8 hesabı ilə məğlub olub. İranlı idmançı finala yüksəldiyi üçün Laçın sabah təsəlliverici görüşə çıxacaq.
Ayxan Mərdanov (130 kq) isə startda çinli Şuanqyu Çeni “tuş”la məğlub etsə də, 1/4 finalda rusiyalı Aleksandr Melexova 0:9 hesabı ilə uduzub.

















































































