Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatı öncəsi kişilərdən ibarət milli komanda ilə görüşüb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ABF prezidentinin müşaviri Samir Hüseynov mundialın mahiyyətindən danışıb və boksçuların hər birindən yüksək nəticə gözlənildiyini vurğulayıb.
Komandanın durumu ilə maraqlanan və tövsiyələrini verən Hüseynov bu yarışla Azərbaycan çempionatının yekununa əsasən Los-Anceles-2028 Yay Olimpiya Oyunları üçün komandanın formalaşacağını qeyd edib.
ABF-in baş katibi Nağı Səfərov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov boksçuları məsuliyyətlərini dərk etməyə çağırıb, onlara uğurlar arzulayıb.
Ardınca millinin baş məşqçisi Ravşan Xocayevin hesabatı dinlənilib. O, komandanın dünya çempionatına hazır olduğunu və boksçularının əhval-ruhiyyəsinin yüksək olduğunu deyib.
Qeyd edək ki, dekabrın 3-13-də keçiriləcək dünya çempionatında Azərbaycan millisi 11 boksçu ilə təmsil olunacaq.








































































